Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Müsəddiq hökumətinə qarşı 28 Mordad (19 avqust) çevrilişinin ildönümü ilə eyni vaxta təsadüf edən bu günlərdə İnqilabın şəhid liderinin ABŞ-a güvənməkdə Müsəddiqin yol verdiyi səhvlə, həmçinin İnqilabdan sonra bəzi məsul şəxslərin bu ölkəyə güvənmək təcrübəsi ilə bağlı çıxışlarının mühüm məqamlarına nəzər salırıq.
Müsəddiqin ABŞ-a güvənməsi böyük səhv idi
Bəzi insanlar deyirlər ki, indi bir şəkildə, məsələn, bir az ABŞ-la anlaşaq, bəlkə onların düşmənçiliyi azalar. Xeyr! Hətta ABŞ-a güvənən, ABŞ-a ümid bağlayan, kömək almaq üçün ABŞ-a üz tutan insanlara belə rəhm etmədilər. Kimə? Doktor Müsəddiqə.
Doktor Müsəddiq ingilislərlə mübarizə aparmaq və İngiltərənin qarşısında dayanmaq üçün öz düşüncəsinə görə amerikalıların yanına getdi. Onlarla görüşdü, danışıqlar apardı və xahiş etdi və həmçinin onlara güvəndi. 28 Mordad (19 avqust) çevrilişi İngiltərə tərəfindən deyil, ABŞ tərəfindən İranda Müsəddiqə qarşı həyata keçirildi.
Yəni onlar hətta Müsəddiq kimilərinə də razı deyillər. Onlar nökər, tamamilə itaətkar və başıaşağı insan istəyirlər. Kim kimi? Məhəmməd Rza Pəhləvi kimi. Onların istədiyi belə bir insandır. Nemətlərlə, bərəkətlərlə zəngin, sərvətli və coğrafi mövqeyinə görə həssas, müxtəlif imkanlarına görə əhəmiyyətli olan bu ölkəni əlləri bağlı və onlara təslim olmuş bir nəfərin idarə etməsini istəyirlər. Amerikalılar bunu istəyirlər. Əgər bu baş verməsə, düşmənə çevrilirlər.”
(Şagirdlər və tələbələrlə görüşdə çıxış, 11.08.1396. 2 noyabr 2017-ci il)
Bu gün Qərbə meyil göstərənlər ağlını itirib
Bu gün Qərbə meyil göstərməyin tərəfdarı olan insanlar, mənim fikrimcə, ağıllarını itiriblər, düşünmürlər. Ölkənin inkişafı üçün Qərbə söykənməli, Qərbə sığınmalı və onlarla dostluğumuzu gücləndirməli olduğumuzu deyənlər, mənim fikrimcə, ağıllı danışmırlar.
Bəli, Qərb bizə təcrübələr verib. Ağlın ilk gördüyü iş budur ki, bu təcrübələrdən istifadə etmək lazımdır.
Rza xanı Qərb dövlətləri bizim üzərimizə məcburi şəkildə gətirdilər. İyirmi il davam edən həmin qəribə, görünməmiş və misilsiz istibdad və diktatura dövrü belə yarandı. Daha sonra Qərb dövlətləri Məhəmməd Rza şahı bu ölkəyə qəbul etdirdilər. Xalqın bunda heç bir rolu olmadı. Qərb dövlətləri oturub qərar verdilər ki, o, atasının yerinə keçsin.
Daha sonra Qərb dövlətləri ona kömək etdilər ki, milli bir hökuməti devirə bilsin. Qərb dövlətləri 28 Mordadda (19 avqust) özləri birbaşa Müsəddiq hökumətini — (mənim Müsəddiqin etiqadları ilə işim yoxdur, hər halda bu, milli hökumət idi) — devirdilər.
(Bir qrup tələbə ilə görüşdə çıxış, 12.04.1395. 2 iyul 2016-cı il)
60 ildir hakimiyyət rəsmiləri ABŞ-a harada güvəniblərsə, zərbə alıblar
ABŞ-la danışıqlar heç bir problemi həll etmir. Onlar harada öz vədlərinə əməl ediblər? 60 ildir – 1332-ci il 28 Mordaddan (19 avqust 1953-cü il) bu günə qədər – bu ölkənin hakimiyyət rəsmiləri amerikalılara güvəndikləri hər bir məsələdə zərbə alıblar.
Bir vaxtlar Müsəddiq amerikalılara güvəndi, onlara arxalandı və onları öz dostu hesab etdi. Ardınca 28 Mordad hadisəsi baş verdi. Çevrilişin mərkəzi amerikalıların ixtiyarına verildi və çevrilişi həyata keçirən şəxs içi pulla dolu çamadanla Tehrana gəlib çevrilişi başlatmaq üçün quldur və dəstələr arasında pul payladı. O, amerikalı idi. Bu işin təşkilatçılığını özləri də etiraf etdilər, buna açıq şəkildə iqrar verdilər.
Daha sonra uzun illər ərzində Pəhləvi rejimini bu ölkəyə hakim etdilər, SAVAK-ı yaratdılar, mübarizləri zəncirlədilər və onlara işgəncə verdilər. Bütün bunlar həmin dövrə aiddir.
(İslam Respublikası İran Ordusunun Hərbi Hava Qüvvələrinin komandirləri və bir qrup əməkdaşı ilə görüşdən çıxışı, 19.11.1391 / 8 fevral 2013-cü il)
İslam Respublikası olmasa belə, ABŞ-ın İranla problemi ölkənin müstəqilliyidir.
Bir çox məsələlərimiz ABŞ-la prinsip etibarilə həll oluna bilməz. Səbəb isə budur ki, ABŞ-ın bizimlə problemi elə özümüzük, yəni İslam Respublikasının özü. Problem budur.
Nə nüvə enerjisi problemdir, nə də insan hüquqları. ABŞ-ın İslam Respublikasının özü ilə problemi var. Məsələ burasındadır ki, İran kimi mühüm bir ölkədə, İran kimi zəngin bir ərazidə bir dövlət, bir quruluş, bir hökumət hakimiyyətə gəlsin və ABŞ kimi bir gücün “hə” və “yox”una tabe olmasın, əksinə, özü məsələlərdə “hə” və “yox” desin. Bu, onlar üçün dözülməzdir. Onlar bununla müxalifdirlər, buna qarşı çıxırlar.
Bu qarşıdurmanı necə həll etmək istəyirsiniz? Buna görə də ABŞ-la problemlərimiz həll edilə bilən problemlər deyil. Onların dövlətin özü ilə problemi var.
Bunu da sizə deyim ki, mövcud siyasi quruluşu bir kənara qoysaq belə, onların ölkənin müstəqilliyi ilə də problemi var. Yəni fərz edək ki, İslam Respublikasından fərqli bir sistem hakimiyyətdə olsaydı və müstəqil olmaq niyyətində olsaydı, onlar yenə də həmin sistemlə problem yaşayacaqdılar.
Milli Hərəkatın təcrübəsi gözümüzün qarşısındadır. Milli Hərəkat dövründə doktor Müsəddiq amerikalılara xoş münasibət bəsləyirdi, hətta onlara xüsusi rəğbəti var idi, lakin onlara arxalanmaq istəmirdi. İngilislərlə, əlbəttə, münasibəti pis idi və ölkənin müstəqilliyini istəyirdi.
Doktor Müsəddiqə qarşı çevrilişin həyata keçirilməsində iştirak edən şəxs ingilis deyil, amerikalı idi və onun arxasında Britaniyanın “İntelligence Service” qurumundan daha böyük imkanlarla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi — CIA dayanırdı. Amerika belədir.
Yəni sırf din və ya inqilab xarakteri daşımayan bir siyasi quruluş və hökumətlə belə problem yaşayırlar. Milli Hərəkat inqilabi hökumət deyildi, sadəcə ölkənin İngiltərənin boyunduruğundan qurtularaq müstəqilliyini əldə etməsinin tərəfdarı idi və amerikalıların ona kömək edəcəyini düşünürdü. Onlar bununla belə barışa bilmədilər. Onlar ölkənin müstəqilliyinə qarşıdırlar.
(Ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşdə çıxış, 22.03.1396 / 12 iyun 2017-ci il)
Rəyiniz